Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, məcəlləyə əlavə olunan 219-2-ci maddə dənizdə yerləşən stasionar platformaların (təbii sərvətlərin kəşfiyyatı və ya işlənməsi, yaxud digər iqtisadi məqsədlər üçün dənizin dibində daimi olaraq bərkidilmiş süni ada, tikili və ya qurğu) təhlükəsizliyinə təhdid yaradan əməllərə görə məsuliyyəti nəzərdə tutur. Stasionar platformanın məhvinə və ya təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni stasionar platformada qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və ya maddənin yerləşdirilməsi məqsədilə qəsdən qanunsuz olaraq digər hərəkətlər etmə beş ildən səkkiz ilədək müddətə həbslə cəzalandırılır.
Qəsdən qanunsuz olaraq stasionar platformanı məhv etmə və ya onun təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb olan zərər yetirmə cinayətinə yeddi ildən on ilədək müddətə iş düşür.
Stasionar platformanı zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə və ya hər hansı digər hədə-qorxu yolu ilə qəsdən qanunsuz olaraq ələ keçirməyə və ya nəzarətdə saxlamağa səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
Başqa bir yeni maddə – 226.3-cü maddə radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələməyə görə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzalarını rəsmiləşdirir.
227-1-ci maddəyə əsasən, fiziki və ya hüquqi şəxsi, dövlət qurumlarını və ya beynəlxalq təşkilatları hər hansı hərəkətin edilməsinə məcbur etmək və ya hər hansı hərəkətin edilməsindən çəkindirmək məqsədilə radioaktiv materialları talamaqla hədələmə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzalarını nəzərdə tutur.
270-1-ci maddə aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə məsuliyyəti əhatə edir. Uçuş vaxtı hava gəmisində olan şəxsə zor tətbiq etmə hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Uçuş vaxtı hava gəmisinə bilə-bilə yalan məlumat ötürmə, yaxud hava gəmisinin aeronaviqasiya avadanlığını qəsdən qanunsuz olaraq məhv etmə, zədələmə və ya fəaliyyətinə müdaxilə etmə hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları verilir.
Hava limanının avadanlığı və qurğularını, yaxud hava limanında yerləşən və istismarda olmayan hava gəmilərini qəsdən qanunsuz olaraq məhv etmə və ya onlara əhəmiyyətli zərər vurma, habelə hava limanı xidmətlərinin işini qəsdən qanunsuz olaraq pozma cinayətləri hava limanının təhlükəsizliyinə təhdid yaranmasına səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.
İstismarda olan hava gəmisini qəsdən məhv etməyə, habelə hava gəmisinə qəsdən onun sıradan çıxmasına səbəb olan və ya uçuş təhlükəsizliyinə təhdid yaradan zərər yetirməyə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
İstismarda olan hava gəmisinin məhv edilməsinə və ya onun uçuş təhlükəsizliyinə təhdid yaradacaq dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni hava gəmisində qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və ya maddənin istismarda olan hava gəmisində yerləşdirilməsinə qəsdən qanunsuz olaraq şərait yaratma səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.