Azərbaycanın müstəqilliyi haqda konstitusiya aktının qəbulundan 27 il keçir.
Novator.az bildirir ki, 1991-ci ildə dövlət müstəqilliyi üç mərhələdə bərpa olunub: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Müstəqillik illərində Azərbaycanda 6 referendum, 17 seçki keçirilib.
1991-ci ilin 29 dekabr referendumu müstəqillik dövrünün ilk referendumu olub.
İkinci referendum 1993-ci il avqustun 29-da prezidentə etimad məsələsinə həsr edilib. Həmin il iyunun 24-də Milli Məclis prezidenti səlahiyyətindən məhrum edən qərar çıxarıb. 29 avqust referendumu bu qərardan irəli gəlib.
1995-ci il noyabrın 12-də, parlament seçkisi ilə eyni gündə keçirilmiş üçüncü referendumda Azərbaycan Konstitusiyası qəbul edilib.
2002-ci ilin 24 avqust, 2009-cu ilin 18 mart və 2016-cı ilin 26 sentyabr referendumlarında Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər qəbul edilib.
27 ildə 8 prezident seçkisi, 5 parlament seçkisi, 4 bələdiyyə seçkiləri olub.
Azərbaycan müstəqilliyini bəyan edəndən sonra ilk prezident seçkisi 1991-ci il sentyabrın 8-də keçirilib.
1992-ci il iyunun 7-də, 1993-cü il oktyabrın 3-də və 2018-ci il aprelin 11-də növbədənkənar seçkilər olub.
Digər prezident seçkiləri 1998-ci il oktyabrın 11-nə, 2003-cü il oktyabrın 15-nə, 2008-ci il oktyabrın 15-nə və 2013-cü il oktyabrın 9-na düşüb.
1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də parlament seçkiləri keçirilib.
Bələdiyyə seçkiləri bu tarixlərdə olub: 12 dekabr 1999-cu il, 17 dekabr 2004-cü il, 23 dekabr 2009-cu il, 23 dekabr 2014-cü il.
27 ildə Azərbaycanda 4 nəfər prezident seçilib: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev (indiki prezident).
7 nəfər parlament sədri postunu tutub: Elmira Qafarova, Yaqub Məmmədov (parlament sədri olduğu vaxt prezident səlahiyyətlərini də icra edib), İsa Qəmbər (parlament sədri olduğu vaxt bir müddət prezident səlahiyyətlərini də icra edib), Heydər Əliyev (parlament sədri olduğu vaxt bir müddət prezident səlahiyyətlərini də icra edib, sonra prezident seçilib), Rəsul Quliyev, Murtuz Ələsgərov, Oqtay Əsədov (indiki sədr).
Baş nazir postunda 10 şəxs əyləşib: Həsən Həsənov, Feyruz Mustafayev (baş nazir əvəzi), Rəhim Hüseynov, Əli Məsimli (baş nazir əvəzi), Pənah Hüseyn, Surət Hüseynov, Fuad Quliyev, İlham Əliyev, Artur Rasizadə, Novruz Məmmədov (indiki baş nazir).
2018-ci il sentyabrın 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 950 min 512 nəfər göstərilib.
Azərbaycan ərazisinin bir hissəsi – Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndi işğal altındadır.