Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə enən avtomobil yolunun sağ kənarında oktyabrın 12-dən fəallaşmış torpaq sürüşməsi davam edir.
Sürüşmə başladığı anlarda 5 il qabaq burada sürüşmə kütləsini saxlamaq üçün inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyərək avtomobil yoluna tökülüb.
Sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb.
Sürüşmə kütləsi üzərində asılı vəziyyətdə olan torpaq kütlələrində xırda uçqunlar baş verib.
Sonra ərazinin üst hissəsindəki evlərin hasarlarının birində 2 metr enində, 1 metr hündürlüyündə uçqun töküntüsü qeydə alınıb.
Daha sonra üst hissədəki evlərin hasarlarının təxminən 30 metr hissəsi uçaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində 30 santimetr enində aralanma baş verib. Nəticədə dağılan hasarın qalan hissəsi də uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənib.
Ərazinin üst hissəsindəki evlərin divarlarında çatlar əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə ilə bağlı xüsusi qərargah yaradıb. Qərargah üzvləri ərazidə sutka boyu müşahidələr aparır.
Qərargahdan verilən məlumata görə, oktyabrın 17-si səhər sürüşmə zonasında, əsasən yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib. Yağış asılı qalmış torpaq qatında kütləni ağırlaşdırıb. Hazırda ara-sıra uçqunlar baş verir.
Gecədən yağan yağış ərazidə asılı qalmış torpaq qatını isladaraq ağırlaşdırdığına görə yamac boyu sürüşmə artıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin oktyabrın 17-də yaydığı məlumatda deyilir ki, Bayıl qəsəbəsinin amfiteatr ərazisindəki Buxta küçəsində də uçqun tipli sürüşmə baş verib. Bura riskli zona sayılır.
Milli Geoloji Kəşfiyyat Xidməti vurğulayır ki, burada sürüşmənin səbəbi təbii deyil, texnogen amillərlə bağlıdır. Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.
Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatında deyilir: “Sözügedən ərazi dikə doğru yamacda yerləşir və yamacın təbii meylliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.
Eyni zamanda oktyabrın 17-si səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb. Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil”.