Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-sı axşam istefa verib. Bu, bütövlükdə hökumətin istefası deməkdir. Prezident Armen Sərkisyan istefanı qəbul edib, ancaq hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.
Novator.az-ın məlumatına görə, istefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır. Plana əsasən, Nikol Paşinyan baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır, iki həftə ərzində parlament yeni baş naziri seçmir və buraxılır, dekabr ayına növbədənkənar seçki təyin olunur.
İndiki parlament 2017-ci ilin yazında seçilib. Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Ermənistan Respublika Partiyasının parlament fraksiyası 51 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 7 deputat heç bir fraksiyaya qatılmır.
2008-ci ildən prezident postunu tutan Ermənistan Respublika Partiyasının sədri Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Xalq etirazlarına başçılıq edən Nikol Paşinyan mayın 8-də baş nazir postuna keçib.
Nikol Paşinyan 1975-ci il iyunun 1-də İcevan şəhərində doğulub. 1993-cü ildən jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə həbsdə yatıb. 2012 və 2017-ci illərdə parlamentin deputatı seçilib.
Ermənistan hökuməti baş nazirdən, onun üç müavinindən, 17 nazirlikdən ibarətdir.
Nazirlər Kabinetinin nəzdində 5 komitə yer alır, hökumətə tabe olan 6 müfəttişlik fəaliyyət göstərir, Dövlət Nəzarəti Xidməti, Milli Təhlükəsizlik Xidməti və Polis isə birbaşa baş nazirə tabe qurumlardır.