Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni formatda fəaliyyətə başlayır. Oktyabrın 17-də yayılan rəsmi məlumata görə, bölgələri gəzəcək yeni mobil qeydiyyat ofisi işə düşüb: “Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən iri ölçülü nəqliyyat vasitəsi vətəndaşların xidmətində olacaq. Mobil qeydiyyat ofisi əvvəlcədən elan edilmiş yerlərdə, saat 9-dan 17-yə qədər sakinlərin xidmətindədir. Bu vasitə ilə qeydiyyat sahəsində proaktiv xidmətlər birbaşa vətəndaşın olduğu məkana üz tutur.
Səyyar ofisin hansı bölgədə olmasından asılı olmayaraq vətəndaşlar ərazi idarələrindəki kimi bütün növ qeydiyyat xidmətlərindən yararlana bilir. Optik şəbəkə kabelinin qoşulması ilə Milli Qeydiyyat Sisteminin baza məlumatlarına birbaşa bağlantının yaradılması buna imkan verir. Həmçinin bununla müxtəlif növ qeydiyyat xidmətləri çevik və operativ qaydada həyata keçirilir.
Vətəndaş məmnunluğunun artırılması, onların daha rahat və sadə proseduralarla qeydiyyat xidmətlərindən faydalanması üçün müvafiq informasiya sistemləri, kommunikasiya avadanlıqları və texnologiyaları tətbiq edilib. Yeni mobil ofisdə nəzarətin təmin edilməsi üçün video müşahidə sistemi quraşdırılıb. Müasir proqram təminatı ilə eyni anda bir neçə vətəndaşa müxtəlif növ qeydiyyat xidmətləri göstərmək mümkündür.
Bundan başqa nəqliyyat vasitəsinin həm daxilində həm də xaricində qeydiyyatla bağlı maarifləndirici məlumatları əks etdirən monitorlar quraşdırılıb. Hüquqi prosedurları izah edən elektron monitorlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı zəruri sənədlərin siyahısı, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Vətəndaşlar əmlakın qeydiyyatı üçün tələb olunan xidmət haqları və rüsumlar barədə məlumat da əldə edə bilir.
Əhaliyə daha yaxın olan səyyar nəqliyyat vasitəsində daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyatı, texniki pasportun verilməsi, qeydiyyat arayışlarının əldə edilməsi, o cümlədən dublikatın verilməsi mümkündür. Mobil ofisdə daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi, ünvan barədə məlumatların verilməsi, daşınmaz əmlakın fərdi qiymətləndirilməsinin aparılması kimi işlər də görülür”.