Dövlət Neft Fondu 9 aylıq gəlir-çıxarının hesabatını yayıb. Rəsmi bilgiyə görə, 2018-ci ilin yanvar-sentyabr aylarında 14 milyard 437,2 milyon manat gəlir əldə edilib, xərclər isə 8 milyard 5,9 milyon manat həcmində rəsmiləşib.
Fond 9 ayda 2018-ci ilin dövlət büdcəsinə 7 milyard 788 milyon manat köçürüb.
Qaçqın və məcburi köçkün ailələr üzrə tədbirlərə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait ayrılıb.
5 milyon manat vəsait gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə yönəldilib.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində fondun idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərc 968,7 milyon manat təşkil edib.
2018-ci il oktyabrın 1-nə fondun aktivləri 2018-ci ilin əvvəlinə nisbətən 8,88% artaraq 38 milyard 987,7 milyon ABŞ dollarına çatıb.