Oktyabrın 15-də Astaraya səfər edən prezident İlham Əliyev şəhərin içməli su təchizatı sistemləri layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə çıxış edib. O, içməli suyun insan sağlamlığı üçün əsas şərt olduğunu vurğulayıb: “Astara şəhərində də bu problem öz həllini tapıb. Şəhər sakinlərinə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Növbəti mərhələdə artıq bir çox kəndlərə də suyun verilməsi nəzərdə tutulur. Əlavə vəsait ayrılacaq ki, bu problem öz həllini tapsın. İçməli su layihələrinin icrası böyük maliyyə vəsaiti, çox böyük investisiyalar tələb edir. Biz bunu edirik ki, insanlar çox təmiz, keyfiyyətli su ilə təmin olunsunlar. Çünki sağlamlıq üçün, normal həyat tərzi üçün içməli su əsas şərtdir.
Bir çox rayonlarımızda içməli su layihələri icra edilir. Artıq açılışlar da olub, növbəti illərdə də açılışlar olacaq. Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin və beləliklə, biz ölkə qarşısında duran əsas infrastruktur məsələlərini həll etmiş oluruq”.
Həmin gün Lerikə də baş çəkən dövlət başçısı şəhərin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimə qatılıb. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə İlham Əliyev deyib ki, Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında sürətlə iş gedir: “Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir.
Biz eyni zamanda Lerik rayonunda sosial məsələlərin həlli ilə ciddi məşğul olmuşuq. Rayonda 50-dən çox məktəb təmir olunub və ya yenidən tikilib. Mədəniyyət Mərkəzi yaradılıb, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib. Yəni sosial infrastruktur, elektrik xətləri, qazlaşdırma, su xətləri, yollar – bütün bunlar reallıqdır. Bu gün yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20 kilometrdən çox olan, bir neçə kəndi birləşdirən, 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu açılıb. Kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqcıl yerlərdədir. Mənə verilən məlumata görə, son illərdə görülən işlər nəticəsində Lerik rayonunun kəndlərinin 88 faizi müasir yollarla əhatə edilib və yeni layihə – təqribən uzunluğu 20 kilometrdən çox olan kənd yolu layihəsi gələn ilin dövlət investisiya proqramında nəzərdə tutulub və gələn il biz o yolu da tikəcəyik, vətəndaşların sərəncamına verəcəyik.
Bütün bunları biz regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həll etmişik. Bildiyiniz kimi, bu il üçüncü dövlət proqramının icrası başa çatır. Proqram artıqlaması ilə icra edilib, biz bunu Lerik rayonunun timsalında görürük. Növbəti illər üçün yeni proqram hazırlanır və indi bölgələrdən təkliflər daxil olur. Mən Lerik ictimaiyyətindən də xahiş edirəm ki, onlar da təklifləri göndərsinlər. Hökumətdə bu proqrama baxılacaq, iqtisadi və sosial məsələlərin həlli növbəti illərdə təmin ediləcək.
Bütövlükdə ölkəmizdə – bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir. Ölkəmizin bu uğurlu inkişafı xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin”.