Azərbaycanın Xarici İşlər Nazirliyi Beynəlxalq Frankofoniya Təşkilatının Yerevan sammitində qəbul edilmiş qətnaməni şərh edib.
Fransızdilli və Fransa mədəniyyətinə bağlı ölkələri birləşdirən Beynəlxalq Frankofoniya Təşkilatı oktyabrın 11-12-si Yerevanda sammit keçirib. Növbəti iki il üçün qurumda sədrlik Ermənistana ötürülüb. Sammitə bir çox ölkənin liderləri, o cümlədən Fransa, Livan prezidentləri, Kanadanın baş naziri qatılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi bildirir ki, sammitdə qəbul edilmiş “Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu” adlı qətnaməyə Dağlıq Qarabağ münaqişəsinə dair bənd salınıb: “Sənəddə ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə tam dəstək əks olunur, sülh şəraitinin təşviq edilməsinə və öncəki razılıqlara əməl edilməsinə çağırılır, eləcə də münaqişənin Helsinki Yekun Aktının fundamental prinsipləri, o cümlədən gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi, əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanması ifadə olunur.
Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirdiyinə, Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərazilərini hərbi işğal altında saxladığına görə güc tətbiq etmək məsuliyyəti Ermənistanın üzərinə düşür. Helsinki Yekun Aktı bu xüsusda açıq şəkildə bəyan edir ki, “dövlətlər qarşılıqlı münasibətlərində, habelə ümumiyyətlə beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hədələmək və güc tətbiq etməkdən çəkinməlidir”.
Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəldikdə isə Helsinki Yekun Aktında növbəti fikir aydın şəkildə əks olunur: “İştirakçı dövlətlər xalqların bərabər hüquqlarını və öz müqəddəratını təyin etməsi hüququnu hər zaman BMT nizamnaməsinin məqsəd və prinsiplərinə və dövlətlərin ərazi bütövlüyü daxil olmaqla beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hörmət etməlidirlər”. Fikrimizcə, sənəd kifayət qədər aydın dildə yazılıb və burada hər hansı əlavə izaha və şərhə lüzum yoxdur.
Ermənistanın Frankofoniya təşkilatından sui-istifadə etmək səylərinə baxmayaraq zirvə görüşünün qətnaməsində münaqişənin həllinin əsasını Helsinki Yekun Aktının prinsipləri təşkil etdiyi qeyd olunur. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini yerinə yetirərək qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Ümid edirik ki, Ermənistanda seçkidən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki, Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur”.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) işğal edib.
Münaqişənin dinc yolla həllində ATƏT-in 1992-ci ildə yaratdığı, hazırda ABŞ, Fransa və Rusiyanın həmsədr olduğu Minsk qrupu vasitəçilik edir.