Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov AZƏRTAC-da məqalə ilə çıxış edib. Novator.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyevin 15 illik fəaliyyətindən söz açan Əli Həsənov yazır ki, İlham Əliyev prezidentliyi dövründə daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub: “Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasəti geniş əhalinin dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bununla yanaşı digər əsas daxili inkişaf parametrləri – makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 15 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artıb, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənib. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə qərarlaşıb”.
Əli Həsənov qeyd edir ki, 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb: “Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşür.
Son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Bu dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilib, ölkənin bütün ali təhsil ocaqları, həmçinin AMEA-nın nəzdində olan institut və müəssisələr təmir edilərək yeni avadanlıqla təchiz olunub. Ölkədə 15 min kilometr yol çəkilib, 443 körpü inşa olunub. Bakıda 4 yeni metro stansiyası istifadəyə verilib, bir neçə stansiyada yenidənqurma işləri aparılıb. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Azərbaycanda 7 hava limanı tamamilə yenidən qurularaq istifadəyə verilib. Onlardan altısı (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala) beynəlxalq hava limanı statusu alıb”.
İlham Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib, tarix elmləri namizədidir. 1990-cı ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub, sonra özəl biznes sahəsində çalışıb.
1994-cü ildən İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1997-ci ildən birinci vitse-prezidenti postunu tutub, 1995-2003-cü illərdə Milli Məclisin deputatı olub.
2003-cü ildə baş nazir vəzifəsinə təyin edilən İlham Əliyev həmin il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də prezident seçilib.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.
İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.