“Son 15 ildə 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib”. Oktyabrın 11-i Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.
Rəsmi arayışa görə, 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar da inşa olunub.
Səhiyyə ocağının kollektivi ilə görüşündə dövlət başçısı qeyd edib ki, Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır: “Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilib. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik.
Son 15 ildə Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq, amma səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir.
İnsan sağlamlığını şərtləndirən bir çox amil var. Onların arasında ilk növbədə sağlam həyat tərzidir. Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır.
Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır.
Digər tərəfdən ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir”.
İlham Əliyev Quba şəhərinin inkişafına həmişə böyük diqqət göstərildiyini vurğulayıb, yeni layihələrdən söz açıb: “Quba rayonunun kompleks şəkildə inkişafı diqqət mərkəzindədir. Sosial-infrastruktur layihələrimiz, iş yerləri ilə bağlı olan layihələr, turizm, kənd təsərrüfatı. Rayon bu istiqamətdə bundan sonra da inkişaf edəcək. Əlavə göstərişlər də veriləcək. Mən daim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır. Biz bunları regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində icra edirik.
Növbəti layihələr haqqında da sizə məlumat vermək istəyirəm. Quba şəhərində 5 kommunal ev var. O evlərin vəziyyəti o qədər də yaxşı deyil. Onların əvəzinə 48 mənzilli yeni yaşayış binası tikiləcək. Bu məsələ ilə bağlı müvafiq göstəriş veriləcək. Bir məktəbin tikintisi üçün əlavə vəsait ayrılacaq və kənd yollarının çəkilişi ilə bağlı əlavə tapşırıqlar veriləcək, o cümlədən Quba-Xınalıq yolunun yeni xətti çəkiləcək. Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən on il bundan əvvəl biz Xınalığa yeni yol çəkdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var. Eyni zamanda, mənə verilən məlumata görə, yeni bir istiqamət var. Susay kəndindən Xınalıq kəndinə yeni yolun çəkilişi planlarımızdadır. O, 30 kilometrlik yoldur, eyni zamanda o yoldan Qrız kəndinə də təxminən 5 kilometrlik bir yol çəkiləcək. Müvafiq göstəriş veriləcək.
Quba-Qonaqkənd yolunun tamamilə yenidən qurulması ilə bağlı müvafiq göstəriş veriləcək. Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir. Ancaq biz bunu etməliyik. Çünki o yol üzərində bir çox kənd var, minlərlə insan yaşayır və indi yol, əlbəttə ki, çox pis vəziyyətdədir. Yəni belə yol bizə yaraşmır.
Bu layihələr növbəti mərhələdə icra ediləcək. Vəsait dərhal ayrılacaq. Digər layihələrlə bağlı, əlbəttə ki, vətəndaşlar, Quba rayonunun sakinləri müraciət etsinlər. Çünki biz indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının üzərində işləyirik. Dördüncü proqram gələn ilin əvvəlində qəbul ediləcək və bu gün Quba rayonunda hələ öz həllini tapmayan layihələr o proqrama salınmalıdır və salınacaq”.
Novator.az-ın məlumatına görə, elə həmin gün prezident sərəncamlar imzalayaraq 2018-ci ilin dövlət büdcəsindən Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat (Quba şəhərində 48 mənzilli yaşayış binasının tikintisi üçün), Təhsil Nazirliyinə 2 milyon manat (Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün) ayırıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün 3 milyon manat, Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) üçün 7,5 milyon manat alacaq.