Dövlət Statistika Komitəsi ticarət hesabatları yayıb. Novator.az-ın məlumatına görə, pərakəndə ticarət hesabatında bildirilir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 26,2 milyard manata bərabər olub.
Ticarət dövriyyəsinin 13 milyard 133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 24,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,3 faiz üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq malları və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi digər qeyri-ərzaq məhsullarının alınmasına gedib.
Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat göstərilir.
Başqa bir hesabata əsasən, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 174 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən mal alınıb.
8 ayda ölkənin xarici ticarət dövriyyəsi 20 milyard 275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 412,2 milyon dollar, idxalın dəyəri 6 milyard 863,5 milyon dollar təşkil edib, 6 milyard 548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz, o cümlədən ixrac 37,7 faiz, idxal 29,5 faiz artıb. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən ixrac 1 faiz yüksəlib, idxal isə 1,2 faiz düşüb.
Yanvar-avqust aylarında 1 milyard 93,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2017-ci ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 4 faiz çoxdur.