Prezident İlham Əliyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əsasnaməsində dəyişikliyə fərman verib. Oktyabrın 8-də imzalanmış fərman cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərini də nəzərdə tutur.
Sənədə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin vəzifələri sırasına cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasının təşkili; həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətinin təminatı vəzifələri əlavə olunur.
Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti uyğun statistik məlumatları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim etməlidirlər. Ədliyyə Nazirliyi bu barədə məhkəmə statistikası da verməlidir.
Nazirlər Kabinetinə və Mərkəzi Banka rezidentlər və qeyri-rezidentlərin milli valyutanı nağd şəkildə Azərbaycandan çıxarması və Azərbaycana gətirilməsi zamanı bəyan edilməsi qaydasının müəyyən edilməsi üçün üç gün müddətində zəruri tədbirlər görmək tapşırılıb. Novator.az-ın məlumatına görə, Nazirlər Kabineti üç gün müddətində kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi qaydasını da təsdiq etməlidir.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi prezidentin 3 mart 2004-cü il sərəncamı ilə yaradılıb, korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti sahəsində ixtisaslaşdırılmış prokurorluq orqanıdır.