Oktyabrın 9-da Ermənistan parlamentinin 14 deputatı bəyanat imzalayaraq dekabr ayında növbədənkənar seçki keçirilməsinə tərəfdar olduqlarını açıqlayıblar. Onlar qeyd ediblər ki, baş nazir Nikol Paşinyan istefa verdikdən sonra həmin posta heç kim seçilməməli, parlament buraxılmalı, dekabr ayında qanunverici orqana yeni seçki keçirilməlidir.
Novator.az-ın məlumatına görə, bəyanatı sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının parlament fraksiyasına daxil olan 7 deputat – Alik Sərkisyan, Akop Akopyan, Knyaz Həsənov, Arsen Mixaylov, Araik Qriqoryan, Taçat Vardapetyan (partiyasızdır), Arutyun Karapoqosyan (partiyasızdır) imzalayıb.
Respublika Partiyasının üzvü olub fraksiyaya qatılmayan daha 4 deputat növbədənkənar seçki çağırışına qoşulub: Aşot Arsenyan, Artak Sərkisyan, Arman Saakyan, Naqapet Qevorqyan.
Parlamentin buraxılmasını istəyən digər 3 deputat bunlardır: Şirak Torosyan (Böyük Vətən Partiyası, fraksiyasız), Samvel Aleksanyan (partiyasız, fraksiyasız), İşxan Zakaryan (Çiçəklənən Ermənistan Partiyası, Sarukyan bloku).
Ötən gün Ermənistanda növbədənkənar parlament seçkisi istiqamətində yeni addım atılıb. Oktyabrın 8-də Vətəndaş Sazişi Partiyasının lideri, baş nazir Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyasının sədri, deputat Qaqik Sarukyanla görüşüb. Onlar parlament seçkisinin bu ilin dekabr ayında keçirilməsini nəzərdə tutan bəyannamə imzalayıblar.
İndiki parlament 2017-ci ilin yazında seçilib. Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Serj Sərkisyanın partiyasının – Respublika Partiyasının parlament fraksiyası 50 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 7 deputat heç bir fraksiyaya qatılmır.
Ermənistan Konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır. Bu il mayın 8-də inqilabi proseslər fonunda baş nazir postunu tutan Nikol Paşinyan istefa vermək niyyətindədir. Plana əsasən, o, istefa verərkən baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır, iki həftə ərzində parlament yeni baş naziri seçmir və buraxılır, dekabr ayına növbədənkənar seçki təyin olunur.
Qaqik Sarukyanla Nikol Paşinyanın oktyabrın 8-də imzaladığı bəyannamədə baş nazirin istefa verəcəyi təqdirdə həmin posta namizəd göstərməmək və göstəriləcək namizədi dəstəkləməmək öhdəliyi də yer alır.
2008-2018-ci illərdə prezident postunu tutan Respublika Partiyasının sədri Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub. Xalq etirazlarına Nikol Paşinyan başçılıq edib.