Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi üçün müraciət qaydalarını açıqlayıb.
Prezident İlham Əliyevin bu il aprelin 19-da imzaladığı fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Ödəməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirməlidir.
Novator.az-ın məlumatına görə, oktyabrın 8-də mətbuat konfransı keçirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib: “Siyahılar üzərində dəqiqləşdirmə yekunlaşıb. Bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək”.
Nazirin sözlərinə görə, oktyabrın 9-dan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər: “Axtarışın nəticəsi olaraq “Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir. Notariat kontoruna bu sənədlər təqdim olunur: hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə; hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə bu barədə məhkəmə qərarı; birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə (ərizə forması notariat orqanından əldə edilir); bank hesabı nömrəsinə dair arayış (vərəsənin bank hesabı olmadıqda o, istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır)”.
Sahil Babayev əlavə edib ki, vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı əlavə sənədlər də (doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s) istəyə bilər: “Hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun yarandığı təqdirdə notarius vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatları notarius elektron qaydada 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürür. Məlumat sistemə daxil olduqdan sonra müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq onların daxiloma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əlaqə nömrələrindən birinə göndərilir.
Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyinə müraciət edir. Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq birdəfəlik ödəməni vərəsənin bank hesabına köçürür. Bu barədə vərəsənin ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.
Hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edirlər”.
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.