Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları Şirkətində vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrini açıqlayıb. Novator.az bildirir ki, rəsmi məlumata əsasən, audit İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə ümumilikdə 17 milyon 229 min manat vəsaiti əhatə edib: “Auditlə işçilərə artıq ezamiyyət xərcinin, elmi dərəcələrə görə artıq əlavə əməkhaqqının, istifadə olunmayan məzuniyyət günlərinə və işdə olmadığı günlərə görə əməkhaqqının ödənməsi halları üzə çıxıb. Həmçinin işçilərə fəxri adlara görə verilmiş aylıq təqaüdləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəməli olduğu halda ödənişlər şirkətin vəsaiti hesabına aparılıb.
Şirkət profilaktika işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanmış müqavilə şərtlərinə əməl etməyərək müqavilədə nəzərdə tutulmayan müxtəlif adda mal-materialların alışına yol verib.
Digər mənbələr hesabına, sponsor yardımı, fiziki və hüquqi şəxslərin ianələri, reklamdan əldə olunan gəlirlər, audiovizual proqramların satışından daxilolmalar, öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər, konsertlər və şouların təşkilindən daxilolmalar hesabına maliyyələşdirilməsi məqsədilə görülən tədbirlər yetərli olmayıb.
Bəzi hallarda maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib, şirkətin balansında olan müxtəlif avadanlıqlara quraşdırılmış ehtiyat hissələri, yerinə yetirilmiş tikinti işlərinin dəyəri aktivlərin ilkin dəyərində uçota alınmayaraq birbaşa xərcə silinib”.
Hesablama Palatası Kollegiyasının auditin nəticələri ilə bağlı qərarı nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə tədbirlərin görülməsi üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib.