Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində audit aparıb. QSC-nin idarə aparatında və bəzi tabeli idarələrində aparılan audit ümumilikdə 561 milyon 153,7 min manat məbləğində vəsaiti əhatə edib. Rəsmi məlumatda qeyd olunur ki, QSC 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edərkən daşınan sərnişinlərin sayındakı artımın gəlirlərə və dəyişən xərclərə təsirini nəzərə almayıb, büdcə xərclərinin təsnifatının tələblərinə uyğun olmayaraq yaranmış zərərin ödənməsi üçün dövlət büdcəsindən subsidiya şəklində ayrılmalı olan vəsaitlər başqa paraqraflarda nəzərdə tutulub.
Novator.az bildirir ki, Hesablama Palatası aşkarlanan digər nöqsanları belə sıralayır:
– istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanması və icrası prosesində uyğunsuzluqlara yol verilib, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debitor borcların bağlanması istiqamətində zəruri tədbirlər görülməyib, 1 halda kreditor borc tanınmadan ödənib;
– Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənməli ƏDV məbləği büdcəyə köçürülməyib;
– stansiyaların ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanıb alınması üzrə müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmayıb;
– 2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməyib, bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib, maya dəyərinin artırılması hallarına yol verilib, balans zərəri artırılıb, daxili audit xidməti formalaşdırılmayıb;
– audit dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib, kotirovka sorğusu prosedurları keçirilərkən müvafiq təlimatın tələblərinə əməl olunmayaraq şərtlər toplusu təsdiq edilməyib, potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməyib, mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanıb və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb, keçirilmiş kotirovka sorğuları üzrə yekun protokolların surətləri müvafiq icra hakimiyyəti orqanına təqdim olunmayıb, satınalma prosedurlarına dair sənədlər toplusu tam hazırlanmayıb, iddiaçılardan ixtisas göstəricilərinə dair sənədlər tam götürülməyib və müqavilənin yerinə yetirilməsi təminatı alınmayıb;
– təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib və müvafiq rəylər tam alınmayıb;
– “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair dövlət proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulmuş 24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmayıb, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteninin 2016-2020-ci illərdə inkişafına dair dövlət proqramı”nın layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təsdiq edilməsi təmin edilməyib.