Ermənistanın müdafiə naziri David Tonoyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan Azərbaycanın işğal olmuş ərazisinə səfər ediblər. Novator.az bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 5-də yayılan məlumatına görə, David Tonoyan və Artak Davtyan Dağlıq Qarabağdakı işğalçı rejimin “müdafiə naziri” Levon Mnasakanyanla bir araya gəliblər. Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə əldə etdiyi razılaşma müzakirə olunub. Nazir və Baş Qərargah rəisinin Dağlıq Qarabağ rejiminin hərbi rəhbərliyini təmas xəttində atəşkəsə əməl etməyə çağırdığı vurğulanır.
Sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasında söhbət olub. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində, eləcə də sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) işğal edib.