Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsindən verilmiş şikayətə baxıb.
Yasamal Rayon Məhkəməsi sentyabrın 28-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunduğu açıqlanan Məmməd İbrahim saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasına görə məsuliyyəti nəzərdə tutan 317-2.1-ci maddəsində maksimal sanksiya altı ayadək müddətə azadlıqdan məhrumetmədir.
Novator.az bildirir ki, Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci ilin sentyabrında həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.
2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış Məmməd İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsində karserə salınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bəyan edib ki, cəza axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından bıçaq tapılmasına görə tətbiq olunub.
Vəkil Cavad Cavadovun “Turan”a verdiyi məlumata görə, Məmməd İbrahim oktyabrın 4-ü Bakı Apellyasiya Məhkəməsində keçirilmiş prosesdə deyib ki, yeni ittiham da əvvəlki kimi tamamilə uydurmadır, saxladığı iddia olunan bıçağın onunla heç bir əlaqəsi yoxdur.
Müdafiə tərəfi həbs qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlamağı planlaşdırır. Vəkil qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət də hazırlayacaq.
Məhkəmə binası qarşısında Məmməd İbrahimin bir qrup tərəfdarı yığışıb. AXCP lideri Əli Kərimli bildirib ki, Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülməsi hakimiyyətin repressiyanı davam etdirmək niyyətini göstərir. Onun fikrincə, repressiyaları yalnız kütləvi vətəndaş fəallığı ilə dayandırmaq olar.