Jurnalist Aytac Əhmədova polis bölməsində zorakılığa məruz qaldığını bəyan edib. O, “Azadlıq” radiosuna deyib ki, oktyabrın 3-ü Bakının Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq yolu bağlamasını lentə alıb: “Polislər dərhal müdaxilə edərək çəkilişi dayandırmağı tələb etdilər. Onlara jurnalist olduğumu bildirsəm də, məni zorla maşına mindirib Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinə apardılar”.
Jurnalistin bildirdiyinə görə, bölmənin dəhlizində mülki geyimli şəxs ona şillə vurub. Aytac Əhmədova sonradan onun polis zabiti olduğunu öyrənib: “Mənimlə hədələyici, aşağılayıcı üslubda danışırdı. Zorakılıqdan sonra qışqırdım, məni rəis İsmayıl Məmmədovun yanına apardılar. O mənimlə normal söhbət etdi”.
Aytac Əhmədova etiraz aksiyasında çəkdiyi kadrların polis bölməsində silindiyini bildirib. Onun sözlərinə görə, izahatı alınıb, baş verənləri orada qeyd edib. Jurnalist deyib ki, ona zorakılığa məruz qalmasını ifadəsində yazmamağı məsləhət biliblər, ancaq bundan imtina edib.
Aytac Əhmədova polis bölməsində baş verənlərlə bağlı şikayət edəcəyini deyib.