Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam verib. Sərəncamda qeyd olunur ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrə qədər çatdırmış unikal yaşayış məskənidir: “Burada salınmış qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğuliyyəti olub. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurub.
1989-cu ildə yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən qəsəbə təbii qazla təmin olunub, Basqal çayı üzərində yeni körpü tikilib, abadlıq işləri görülüb, qədim küçələr qismən çay daşı ilə döşənib, bulaqlarda müəyyən bərpa işləri aparılıb.
Bununla belə, qoruq ərazisindəki tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranıb”.
Oktyabrın 3-də imzaladığı sərəncamda prezident Dövlət Turizm Agentliyinə bir ay müddətində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış və qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlamağı tapşırıb.
Agentlik “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflərini də təqdim etməlidir.