Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbəti şərh edib.
İlham Əliyevlə Nikol Paşinyanın söhbəti sentyabrın 28-i Düşənbədə olub. Rəsmi məlumata görə, prezident və baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində, eləcə də sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Hikmət Hacıyev AZƏRTAC-a deyib ki, Düşənbədə MDB dövlət başçılarının zirvə toplantısına qatılan prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında söhbət Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub: “Bu bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır. Eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrın 26-da Nyu-Yorkda, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilib.
Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu, Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir”.
Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsinə toxunan Hikmət Hacıyev deyib: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, atəşkəsin pozulmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və hərbi işğal faktının davam etməsidir. Bu əsnada həmişə də atəşkəs rejiminin pozulmasının və vəziyyətin gərginləşdirilməsinin səbəbkarı Ermənistan tərəfi olub. 2014-cü ilin noyabrında dövlət başçılarının Parisdə keçirilmiş görüşündən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi genişmiqyaslı hərbi təlimləri və məlum helikopter insidentinin baş verməsinin təhrik edilməsini, həmçinin 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutmasını və vəziyyətin qəsdən gərginləşdirilməsini xatırlatmaq istərdim. Odur ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə nəinki hərbi risk amili aradan qalxmış olar, heç atəşkəs rejiminə ehtiyac da qalmaz və münaqişənin siyasi həlli üçün hərtərəfli imkanlar açılar. Bununla da regionda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar”.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) ələ keçirib.