Azərbaycan prezidentinin mətbuat xidməti rəsmi açıqlama yayaraq sentyabrın 28-i Düşənbədə dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olduğunu açıqlayıb. Xəbərə görə, prezident və baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində, eləcə də sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü və geniş tərkibdə iclası olub. Sammitə İlham Əliyevlə Nikol Paşinyan da qatılıblar.
Düşənbə görüşü barədə Nikol Paşinyan da açıqlama yayıb. Özünün “Facebook” səhifəsində canlı yayıma çıxan baş nazir deyib ki, Ermənistan və Azərbaycanın müdafiə nazirlərinin cəbhə xəttində insidentlərin qarşısının alınması üçün təmasları nəzərdə tutulur. O, tərəflər arasında birbaşa rabitənin qurulmasının razılaşdırıldığını qeyd edib, İlham Əliyevlə apardığı danışıqlar barədə Dağlıq Qarabağın rəhbəri Bako Saakyana məlumat verdiyini vurğulayıb.
Mod.gov.az-ın məlumatında isə deyilir ki, sentyabrın 29-da müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də video vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib: “Prezident, ali baş komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir qoşunların təmas xəttində yaranmış son vəziyyətin təhlilini apararaq əsas diqqəti döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili, şəxsi heyətin təhlükəsizliyini maksimal təmin etmək məqsədilə xüsusi texniki vasitələrdən geniş istifadə edilməsi, eləcə də qış mövsümünə hazırlığın sona çatdırılması, dağlıq ərazilərin xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş və maddi-texniki təminatının həyata keçirilməsi ilə əlaqədar göstərişlər verib.
Zakir Həsənov gənc əsgərlərlə işin təşkili, fərdi və tərbiyə işinin səmərəliliyinin artırılması, trenajorlarda və təlim mərkəzlərində keçirilən nəzəri məşğələlərin intensivləşdirilməsi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının fəaliyyətlərinin təhlili və müxtəlif peşələr üzrə yarışların keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub”.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) işğal edib.