Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-i BMT Baş Assambleyasının iclasında çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, nazir Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Həll olunmamış silahlı münaqişələr, təhlükəsizlik çağırışları və bunlardan doğan humanitar böhran inkişaf tərəqqisinin geriləməsi təhdidini ortaya çıxarır. Ermənistanla Azərbaycan arasında silahlı münaqişə beynəlxalq və regional sülh və təhlükəsizlik üçün əsas təhdid olaraq qalır. Münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələnib və ölkənin hər doqquz adamından birini məcburi köçkün və ya qaçqın edib. Münaqişə ilk günündən bəri mülki insanlara və infrastruktura təsir etməklə ancaq Azərbaycan ərazisində, demək olar ki, ölkənin ortasında aparılıb.
BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycana qarşı hərbi gücdən istifadə olunması; belə fəaliyyətlərin qeyri-qanuni və BMT Xartiyasının məqsəd və prinsiplərinə zidd olduğu; bunun Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü aşkar pozduğu faktını müəyyən edib. Digər səlahiyyətli beynəlxalq təşkilatlarda qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər də eyni xətti təşkil edir. Lakin ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması da daxil olmaqla Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib. Əksinə, Ermənistanın siyasəti onun hərbi güc vasitəsilə zəbt etdiyi və geniş miqyasda etnik təmizləmə həyata keçirdiyi Azərbaycan torpaqlarının ilhaqını təmin etmək niyyətini aydın şəkildə təsdiqləyir.
Ermənistan rəhbərliyində dəyişikliklərdən sonra bəyan edildiyi kimi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına hörməti aydın şəkildə özündə ehtiva edən demokratik dəyərlərə tam hörmət siyasətinin işlənib hazırlanması ilə bağlı bəzi gözləntilər var idi. Təəssüf ki, indiyədək bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmayıb.
Əvvəlki bəyanatlarına zidd olaraq Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini utanmadan Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışır. Bu ilhaqçı iddia beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlikdir, ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesini təhlükə altına alır. Beləliklə, Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirir.
İstisna edə bilmərik ki, Ermənistan baş nazirinin son bəyanatları və fəaliyyətləri vəziyyətin daha da gərginləşməsi və təmas xəttində və Ermənistan və Azərbaycan arasında sərhəddə hərbi düşmənçilik təxribatların törədilməsi məqsədini güdür. Bu mənfi ssenarinin bütün nəticələri tamamilə Ermənistan Respublikasının üzərinə düşəcək. Biz beynəlxalq ictimaiyyəti Ermənistana beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət göstərmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməklə bağlı güclü ismarış göndərməyə çağırırıq.
Ermənistan müntəzəm olaraq müxtəlif təxribatlara əl atmaqla və qəsb edilmiş torpaqlarda işğalı möhkəmləndirməyə çalışmaqla nəticəyə əsaslanan danışıqlara başlamaqdan imtina edir. 1949-cu il Cenevrə konvensiyalarını kobudcasına pozmaqla Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirir.
Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, Ermənistanın iqtisadi baxımdan inkişaf etmiş və firavan dövlət etməklə bağlı vədi sülh, mehriban qonşuluq münasibətlərinin qurulması və qonşuların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil. Nə qədər tez Ermənistan ərazi iddialarını bir kənara qoyacaq və Azərbaycanın ərazilərindən qoşunlarını geri çəkəcək, bir o qədər də tez regionumuzda sülh bərqərar ola biləcək və Ermənistanın inkişaf perspektivləri açılacaq.
Onlar demokratiya və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərindən çox danışırlar. O zaman qəddarcasına etnik təmizləməyə məruz qalan və öz doğma yerlərini, evlərini və mülklərini tərk etməyə məcbur qalan Dağlıq Qarabağın azərbaycanlı əhalisi və ətraf yeddi rayonun azərbaycanlıları necə olmalıdır? Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokrat adlandırırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməli, Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində tələb olunduğu kimi didərgin düşmüş insanların öz doğma evlərinə geri qayıtmasına imkan verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Azərbaycan səmimi qəlbdən inanır ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur və münaqişənin ən qısa vaxtda siyasi həllində və onun nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa uyğun olmayan həll mümkün deyil. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”.