Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Tacikistanın paytaxtı Düşənbəyə gedib. Novator.az-ın məlumatına görə, həmin gün Tacikistan hökumətinin iqamətgahında dostluq axşamı keçirilib. Tədbirə İlham Əliyevlə yanaşı Tacikistan prezidenti İmaməli Rəhman, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Moldova prezidenti İqor Dodon, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Ermənistanın baş naziri Nikol Paşinyan qatılıb. Sammit iştirakçıları gəzintiyə çıxıblar və kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar.
MDB-nin (Müstəqil Dövlətlər Birliyi) əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub.
21 dekabr 1991-ci ildə keçmiş SSRİ-nin daha 8 respublikası – Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.
Azərbaycanın MDB-yə qoşulması 20 sentyabr 1993-cü ildə rəsmiləşib. 1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.
22 yanvar 1993-cü ildə Minskdə MDB-nin nizamnaməsi qəbul olunub. Ukrayna və Türkmənistan nizamnaməni imzalamayıb. Həmin vaxtdan bu iki dövlət MDB-nin üzvləri yox, təsisçiləri və iştirakçıları sayılıb.
Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan 18 avqust 2008-ci ildə MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra – 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.
2014-cü ildə Rusiya Ukrayna torpaqlarını işğal edəndən sonra rəsmi Kiyev MDB-nin tədbirlərini ya boykot edib, ya da toplantılarda aşağı ranqlı məmurlarla təmsil olunub. Bu il mayın 19-da Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyinin bütün nizamnamə orqanlarındakı təmsilçilərini geri çağıran fərman imzalayıb.
MDB-nin icra orqanı Minskdə yerləşir.