Üç illik həbs müddəti başa çatmaqda olan AXCP sədrinin müşaviri Məmməd İbrahim saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində cərimə təcridxanasına salınıb.
Novator.az bildirir ki, Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.
2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. 2016-cı il mayın 13-də Bakı Apellyasiya Məhkəməsi, sentyabrın 28-də Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
2017-ci il dekabrın 26-da Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətini təmin etməyib. Hakim qərarı çıxararkən Məmməd İbrahimin islah olunmadığını, həbsxanada nizam-intizam qaydalarına əməl etmədiyini əsas gətirib.
2018-ci il sentyabrın 30-da Məmməd İbrahimin 3 illik həbs cəzası başa çatır və o, azadlığa buraxılmalıdır. Lakin sentyabrın 27-də yaxınlarına bəlli olub ki, Məmməd İbrahimin cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına salınıb.
Azadliq.org-un məlumatına görə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Məmməd İbrahimin cərimə təcridxanasına salındığını təsdiqləyib. Mehman Sadıqov bunu 16 saylı Cəzaçəkmə Müəssisəsində axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından kəsici-deşici alətin tapılması ilə əlaqədələndirib.
Penitensiar Xidmətin sözçüsü vurğulayıb ki, hazırda məsələ ilə bağlı araşdırma gedir və yekunda məsələyə hüquqi qiymət veriləcək.
Məmməd İbrahimin oğlu Turan İbrahimin yaydığı məlumata görə, atası cərimə təcridxanasında aclıq aksiyasına başlayıb.
AXCP təmsilçiləri Məmməd İbrahimin cərimə təcridxanasına salınmasını hakimiyyətin onu azadlığa buraxmaq istəməməsi ilə izah edir.