Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Skofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) bəyanat yayıb. Novator.az-ın məlumatına görə, həmsədrlər sentyabrın 25-26-sı Nyu-Yorkda Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnasakanyan və Elmar Məmmədyarovla görüşdüklərini bildirərək qeyd ediblər ki, cəbhə xəttindəki son insidentlər və bəzi rəsmi açıqlamalar müzakirə mövzusu olub.
Bəyanata əsasən, həmsədrlər nazirlərlə görüşlərində itkilərin davam etməsindən təəssüfləndiklərini vurğulayıblar, tərəfləri gərginliyi artıran addımlardan, o cümlədən aqressiv açıqlamalardan çəkinməyə çağırıblar. Onlar qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli üçün qarşılıqlı güzəştlər mütləq şərtdir.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) işğal edib.
Münaqişənin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda həmsədr ölkələr, eləcə də Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də təmsil olunur.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tutur.
Sentyabrın 26-sı Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan bir araya gəliblər. Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə keçirilən görüşdə danışıqların oktyabr ayında davam etdirilməsi razılaşdırılıb.