Konstitusiya Məhkəməsinin Plenumu Xətai Rayon Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini həmin məcəllənin 9.2 və 35-ci maddələri ilə əlaqəli şəkildə şərh edib.
Xətai Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə təkrarən inzibati məsuliyyətə cəlb edilmənin mümkünlüyü məsələsi baxımından həmin maddənin məcəllənin 9.2 və 35-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasını istəyib.
Müraciətdə göstərilib ki, Xətai Rayon Məhkəməsinin 10 aprel 2015-ci il qətnaməsi ilə Ş.Həsənovadan 55 min manat məbləğində pul vəsaitinin alınaraq A.Nurullayevaya ödənilməsi qət edilib və həmin qətnamə əsasında 25 may 2015-ci ildə icra vərəqəsi verilib. Lakin Ş.Həsənova borcu ödəməyib və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməyib. Xətai Rayon İcra Şöbəsinin icra məmuru 17 may 2016-cı ildə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edib. Xətai Rayon Məhkəməsinin 17 may 2016-cı il qərarı ilə Ş.Həsənova İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində on gün müddətində inzibati həbs tənbehi tətbiq edilib.
Ş.Həsənovanın apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi 20 may 2016-cı il qərarı ilə Xətai Rayon Məhkəməsinin 17 may 2016-cı il qərarını dəyişdirmədən saxlayıb.
Xətai Rayon İcra Şöbəsinin icra məmuru İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə əsaslanaraq 18 ay müddət keçdikdən sonra Ş.Həsənova həmin icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən yenidən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29 noyabr 2017-ci il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edib.
Xətai Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il qərarı ilə qeyd edilən inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.0.7 və 105.1-ci maddələrinə əsasən xitam verib. Qərar onunla əsaslandırılıb ki, Ş.Həsənova barəsində eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında həmin məhkəmənin 17 may 2016-cı ildə qərarı olub və belə halda İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Bakı Apellyasiya Məhkəməsi 27 dekabr 2017-ci il qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə, yəni iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına əsaslanaraq Xətai Rayon Məhkəməsinin qərarını ləğv edib və inzibati xəta haqqında materialı yenidən baxılması üçün həmin məhkəməyə qaytarıb.
Xətai Rayon Məhkəməsinin 7 fevral 2018-ci il qərarı ilə Ş.Həsənova barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.0.7 və 105.1-ci maddələrinə əsasən yenidən xitam verilib.
Bakı Apellyasiya Məhkəməsinin 1 mart 2018-ci il qərarı ilə Xətai Rayon Məhkəməsinin qərarı eyni əsasla ləğv edilərək inzibati xəta haqqında iş baxılması üçün həmin məhkəməyə qaytarılıb.
Xətai Rayon Məhkəməsi işə baxarkən şəxsin bir dəfə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsindən sonra eyni inzibati xətaya görə yenidən təqsirli bilinərək tənbeh edilməsinin mümkünlüyü məsələsinin şərh edilməsinə zərurət yarandığı qənaətinə gəlib.
Müraciət edənin fikrincə, inzibati xətalar qanunvericiliyində davam edən inzibati xətalara görə yenidən inzibati məsuliyyətə cəlb olunmanın mümkünlüyü əks olunsa da, uzanan inzibati xətalara münasibətdə qeyd olunan məsələyə aydınlıq gətirilməməsi vahid məhkəmə təcrübəsinin formalaşmasında çətinliklər yaratmaqla yanaşı tərəflərin Azərbaycan Konstitusiyası və qanunları ilə qorunan mənafelərinin pozulmasına da gətirib çıxara bilər.
Novator.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il qərarında bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından şəxs həmin məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla) yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.