Sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Tacikistan prezidenti İmaməli Rəhman çıxışında ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışıb. O deyib ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində demək olar bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb: “Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və başqa məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub”.
Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev gündəlikdəki məsələlər barədə məlumat verib.
Görüşə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Moldova prezidenti İqor Dodon, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Ermənistanın baş naziri Nikol Paşinyan, Türkmənistan Nazirlər Şurası sədrinin müavini Purli Ağamuradov da qatılıblar.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında da iştirak edib.
Həmin gün Tacikistan prezidenti adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub, bununla da İlham Əliyevin Düşənbəyə səfəri başa çatıb.