2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın paytaxtında sənaye istehsalı və bu sahədə xidmətlərin həcmi əvvəlki ilin 8 ayı ilə müqayisədə 0,8 faiz artaraq 27,6 milyard manata çatıb. Novator.az-ın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsi bildirir ki, sənaye məhsulunun 82,6 faizi mədən sektorunda istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,8 faiz göstərilir.
Rəsmi hesabata əsasən, 8 ayda Bakının sosial-iqtisadi inkişafı üçün əsas kapitala 7 milyard 888,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz az vəsait yönəldilib, ümumi sərmayənin 55,6 faizi dövlət, 44,4 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.
O da qeyd olunur ki, yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin 8 ayı ilə müqayisədə 3,1 faiz, ictimai iaşə dövriyyəsi real ifadədə 6,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,6 faiz artıb.
Hesabata görə, 2018-ci ilin yanvar-iyul aylarında işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin 7 ayına nisbətən 1,5 faiz yüksələrək 789,9 manat olub.