“Biz münasibətlərin fəal inkişafına istiqamətlənmişik”. Sentyabrın 27-si Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edən prezident İlham Əliyev belə deyib. Mərasimə rusiyalı həmkarı Vladimir Putinlə birgə qatılan dövlət başçısı qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin regionlararası forumda iştirakı onun fəaliyyətinə nə qədər böyük əhəmiyyət verildiyini göstərir: “Bu, doqquzuncu forumdur. Gələn il yubiley forumu olacaq. Biz şadıq ki, ilk forum 2010-cu ildə Azərbaycanda keçirilib. Bununla da çox fəal regionlararası əməkdaşlığa təkan verilib. Min nəfər tutan bu salonun tamamilə dolması bu foruma nə qədər böyük maraq olduğuna dəlalət edir.
Biz Vladimir Vladimiroviçlə müntəzəm görüşürük. Bu yaxınlarda – sentyabrın əvvəlində mən Rusiya Federasiyasına rəsmi səfər etdim, çox məhsuldar danışıqlar apardıq. Gündəliyin bütün məsələləri üzrə çox mükəmməl fikir mübadiləsi oldu. Bir aydan da az müddətdən sonra Rusiya prezidentinin Azərbaycanda olması bizim aramızda münasibətlərin parlaq sübutudur. Mənim səfərim çərçivəsində fəaliyyətin əksər sahələrini əhatə edən və uzun illər əvvəlcədən bizim münasibətlərimizin gələcəkdə daha da inkişafını müəyyənləşdirəcək 16 sənəd imzalandı. Həmçinin qeyd etməliyəm ki, Rusiya prezidenti son 5 il ərzində 4-cü dəfədir Azərbaycanda olur. Mən də müntəzəm olaraq Rusiyaya səfər edirəm və bu, tərəfdaşlığımızın, ölkələrimiz arasında dost, mehriban qonşuluq münasibətlərinin parlaq sübutudur.
Ticari-iqtisadi əlaqələrə gəlincə, biz inkişaf dinamikasını görürük. Ötən il də, bu il də əmtəə dövriyyəsi artıb. Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır”.
Energetika, neft-qaz, nəqliyyat, turizm, bank, maşınqayırma sahələrində əlaqələrdən söz açan prezident əlavə edib ki, Azərbaycan-Rusiya münasibətlərinin təməlində tarixi, mədəni təmaslar, xalqların yaxınlığı durur: “Əlbəttə, biz birlikdə humanitar əlaqələrin inkişafı üzərində çox fəal işləyirik. Gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forum keçiriləcək. Bu beynəlxalq forum artıq humanitar xarakterli məsələlərin, mədəniyyətlərarası dialoqun, konfessiyalararası münasibətlərin müzakirəsi üçün mühüm qlobal meydana çevrilib. Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb, Rusiyanın aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Həmçinin mədəniyyət sahəsində çox sıx qarşılıqlı fəaliyyət var.
Biz münasibətlərin gələcəkdə də fəal inkişafına istiqamətlənmişik. Həmçinin düşünürəm ki, bizim gələcək əməkdaşlığımız çərçivəsində gələn il üçün nəzərdə tutulan Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılması mühüm addım olacaq. Bu tarixi bina ötən əsrin ortalarında Azərbaycan pavilyonu olub, biz onu bərpa edirik.
Rusiya regionları ilə də bizim çox sıx münasibətlərimiz mövcuddur. Federasiyanın 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var. Bizim Rusiya regionlarında, eləcə də Rusiya regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır. Yəni əminəm ki, regionlararası əməkdaşlıq ölkələrimizi birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq”.
Vladimir Putin deyib ki, regionlararası əlaqələr iki ölkənin münasibətlərinin mühüm tərkib hissəsidir: “Rusiya Federasiyasının təxminən 70 regionu Azərbaycanın regionları ilə sıx işləyir. Burada liderlər, sözsüz ki, Moskva vilayəti, Sankt-Peterburqdur, amma təkcə onlar yox, həm də Stavropol, Krasnodar diyarları, Həştərxan vilayəti, Nijeqorod, Çelyabinsk, Volqoqrad, Saratov, Sverdlovsk vilayətləri.
Bütövlükdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdən danışarkən qeyd etmək istərdim ki, dövlətlərimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Biz həmişə maraqlar balansı axtarırıq və onu tapırıq. Bu yaxınlardakı Soçi danışıqlarının gedişində bizim dövlətlərarası əlaqələrimizin gələcək quruculuğu üçün əlavə normativ baza yaradan bir sıra sənədlər, razılaşmalar imzaladıq. İndi Azərbaycan bazarında artıq Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir. Birbaşa Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard yarım dollardan çox təşkil edir. Qarşılıqlı, səmərəli biznes əlaqələrinin qurulmasına Rusiya-Azərbaycan İşgüzar Şurası böyük kömək göstərir. Təkcə ötən il bu şura ümumilikdə yarım milyard dollara yaxın məbləğdə dəyəri olan 42 birgə layihəni dəstəkləyib”.
Vladimir Putin qeyd edib ki, 2017-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı demək olar 12 faiz artıb: “Bu, yarım milyard dollarlıq ümumi həcmdir. Bizim tərəfdaşlarımız bu sahəyə yüksək maraq göstərirlər. 30-dan çox Azərbaycan şirkətinin sentyabrın 17-dən 20-dək Moskvada Beynəlxalq Ərzaq Sərgisində iştirakı buna sübutdur”.
Humanitar əməkdaşlıq məsələlərinə toxunan Rusiya prezidenti deyib ki, Moskva Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndirir: “Həm də təkcə Azərbaycan vətəndaşlarının rus dilinə marağını yox, eyni zamanda dövlət, şəhər bələdiyyələri tərəfindən köməyi yüksək dəyərləndiririk. Biz bütün bunların hamısını görürük. Prezidentin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir”.