BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 26 sentyabr iclasında Azərbaycan nümayəndə heyətinin Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışına cavab bəyanatı səsləndirilib.
Assambleyanın 25 sentyabr iclasındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir Azərbaycanı danışıqlara hörmətsiz münasibətdə ittiham edib, rəsmi Bakını münaqişəni hərbi yolla həll etmək ideyasından əl çəkməyə çağırıb. O, Azərbaycanın Dağlıq Qarabağ hakimiyyəti ilə danışıq aparmalı olduğunu vurğulayıb və qeyd edib ki, Bakının indiki yanaşması fonunda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması erməni xalqının yeni soyqırımına qol qoymaq demək olar.
Mfa.gov.az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin cavab bəyanatında qeyd olunur ki, Ermənistan hərbi qüvvədən istifadə edərək Dağlıq Qarabağ, ətraf yeddi rayon və bəzi bölgələr daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini tutub və orada özünə tabe olan kiçik irqçi rejim qurub: “Ermənistanın başladığı müharibə on minlərlə insanın ölümünə bais olub, şəhərləri, rayonları, kəndləri viran qoyub, bir milyondan çox azərbaycanlının öz doğma evindən zorla qovulması ilə nəticələnib və hələ də minlərlə insan itkindir.
Ermənistan baş nazirinin bəyanatında müşahidə etdiyimiz iddia və yanlış yozmaların Azərbaycana qarşı gücdən istifadəni, onun ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmaz və ərazilərin tutulması üçün gücdən istifadənin qəbuledilməz olduğunu təsdiq edən BMT-də səslənməsi xüsusilə heyrət doğurur.
Ermənistanın ərazi iddiaları və güc tətbiqinə cavab olaraq BMT Təhlükəsizlik Şurası bir daha təsdiq edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Tələb edib ki, işğalçı qüvvələr bütün işğal olunmuş torpaqlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxsınlar.
Təhlükəsizlik Şurası bu qətnamələrdə Azərbaycana qarşı hərbi qüvvə tətbiq olunması faktını, bu hərəkətlərin qanunsuz olduğunu, BMT nizamnaməsi ilə ziddiyyət təşkil etdiyini, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulduğunu etiraf edib.
Öz çıxışında Ermənistanın baş naziri bilərəkdən Təhlükəsizlik Şurasının qətnamələri üzərindən sükutla keçdi. Eynilə o, münaqişə ilə bağlı qəbul edilmiş digər mühüm sənədlərə də istinad etmədi”.
Bəyanatda bildirilir ki, Ermənistanın əməlləri münaqişənin sülh yolu ilə həlli məqsədinə uyğun gəlmir, Ermənistan baş nazirinin bəyanatı da istisna deyil: “Həqiqətdə suveren dövlətin ərazisini işğal etmək üçün hərbi gücdən istifadə etməklə Ermənistan siyasi həll yoluna alternativin olmasına qəti inamını nümayiş etdirdi. Erməni xalqına qarşı yeni mifik soyqırımı təhlükəsi haqqında iddialar isə növbəti yalanın göstəricisidir. Sadəcə onu qeyd etmək yetərlidir ki, həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında bütün qeyri-ermənilərdən tam etnik təmizləmə həyata keçirən Ermənistandan fərqli olaraq Azərbaycan etnik və mədəni müxtəlifliyini qoruyub saxlamış və paytaxt Bakı şəhərində, ölkənin digər bölgələrində sülh, harmoniya şəraitində həyat sürən on minlərlə erməninin evidir.
Ermənistan rəhbərliyinin demokratiya, insan hüquqları və münaqişənin sülh yolu ilə həlli bəyanatları cəfəngiyatdır və Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi didərgin düşmüş azərbaycanlıların Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərindəki evləri və mülklərinə geri qayıtmasının təmin edilməsinə gətirən əsl fəaliyyətə çevrilməyənədək boş söz olaraq qalacaq”.
Bəyanatda vurğulanır ki, Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və belə olaraq qalacaq. Azərbaycan torpaqlarının hərbi işğalı müvəqqətidir və heç vaxt Ermənistanın arzuladığı nəticələri verməyəcək. Rəsmi Yerevan öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə əməl etməlidir”.