Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 25-i Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və İtaliya ilə münasibətlərə həsr olunmuş konfransa qatılıb. O, çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləminin ilk demokratik respublikası olduğunu vurğulayıb: “Biz fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan xalqı azadlıq ideyalarına əsaslanaraq öz müstəqilliyini qazanıb. Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda ölkəmiz üçün çox vacib olan addımlar atıb. Azərbaycanda demokratiya institutları formalaşmağa başlayıb, çoxmillətli parlament fəaliyyətə başlayıb, ölkə üçün 200-dən çox vacib qanun qəbul edilib, o cümlədən Azərbaycan qadınlarına səsvermə hüququ verilib. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılıb, Azərbaycanın dövlət bayrağı təsis olunub, milli ordumuz yaranıb. Əfsuslar olsun ki, gənc respublika cəmi 23 ay yaşayıb, ölkəmiz ciddi geosiyasi problemlərlə üzləşərək müstəqilliyini itirib.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi və xalq öz ölkəsinə, öz taleyinə sahib oldu. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçiliyinin əsaslarının təməlini qoyub. Bu gün Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, ölkəmizdə və Azərbaycana tərəfdaş olan ölkələrdə 100 illik yubileyə həsr olunmuş tədbirlər keçirilir”.
Mehriban Əliyeva qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir. Xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu iş birliyi yaradılıb.
Bu ilin iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıtda polipropilen zavodunun açılışı olub. Bu zavodun tikintisinin podratçısı İtaliyanın “Maire Tecnimont” şirkətidir. Fevral ayında “Maire Tecnimont” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması haqqında müqavilə bağlanıb. Təkcə bu layihələrin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. “Maire Tecnimont” şirkətinin bu layihələrdə payı 1,3 milyard dollardır. Bu rəqəmlər bir tərəfdən Azərbaycanla İtaliya arasında olan iqtisadi əlaqələrin miqyasını, digər tərəfdən ölkəmizdə mövcud olan iqtisadi inkişafın dinamikasını və miqyaslarını göstərir. Azərbaycanda son 15 ildə iqtisadiyyat 3,2 dəfə artıb. Ölkəyə 250 milyard dollar investisiya qoyulub. Bu investisiyaların təxminən yarısını xarici investorlar gətirib”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan birinci vitse-prezident deyib: “Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Təkcə Xocalı faciəsi nəticəsində bir gecə ərzində 600-dən çox günahsız insan, o cümlədən qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürülüb. BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 4 qətnamə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan beynəlxalq hüququn normalarını kobudcasına pozaraq işğalçı siyasətini davam etdirir.
Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayon işğaldan azad olunmalıdır, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır”.