Yerevan Şəhər Şurasına sentyabrın 23-də keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın liderlik etdiyi Vətəndaş Sazişi Partiyasının yaratdığı “Mənim addımım” bloku 81,06 faiz səslə önə çıxıb.
6,95 faiz səs yığan Çiçəklənən Ermənistan Partiyası ikincidir.
Seçkiyə 12 ictimai-siyasi qüvvə qatılıb. Proporsional üsulla seçilən 65 yerlik Şəhər Şurasında mandatların yarıdan çoxunu götürən qüvvənin siyahısındakı ilk şəxs mer postunu tutur.
Partiyalar Şəhər Şurasında təmsil olunmaq üçün azı 6 faiz, bloklar 8 faiz səs toplamalıdır. Ancaq Seçki Məcəlləsi Şəhər Şurasında azı üç qüvvənin olmasını hökm etdiyindən 4,99 faiz səs toplayan İşıq bloku da mandat almış sayılır.
“Mənim addımım” blokunun namizədlərinin siyahısında birinci olan Ayk Marutyan Yerevan meri postunu tutmaq haqqı əldə edib.
Ayk Marutyan 1976-cı ildə Yerevanda doğulub. Dövlət Mühəndislik Universitetini bitirib, bir il Milli Təhlükəsizlik Xidmətində qulluq edib. Paytaxtın şən hazırcavablar klubunun oyunçusu olub, müxtəlif televiziya layihələrinə qatılıb. 2002-ci ildən professional aktyor, ssenarist, prodüser kimi fəaliyyət göstərir.
Həyat yoldaşı çex olan Ayk Marutyanın dörd övladı var.
Nikol Paşinyan baş nazir postunu bu il mayın 8-dən tutur. 1975-ci il iyunun 1-də İcevan şəhərində doğulan Nikol Paşinyan Yerevan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1993-cü ildən müxtəlif qəzetlərdə müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. 1999-cu ildən “Aykakan jamanak” qəzetinin baş redaktoru olub.
2009-2011-ci illərdə həbsdə yatıb. 2012 və 2017-ci illərdə parlamentin deputatı seçilib.
Vətəndaş Sazişi Partiyasının sədridir.