Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 422-ci maddəsini şərh edib.
Bakı Apellyasiya Məhkəməsinin müraciətində bildirilib ki, vətəndaş Gülnarə Rzayeva Nərimanov Rayon Məhkəməsinə “Expressbank” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək bankla aralarında bağlanmış 9 fevral 2015-ci il kredit müqaviləsinin və həmin müqavilənin icrasının təminatı olaraq bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğvini istəyib.
Rzayeva iddia ərizəsini onunla əsaslandırıb ki, müqaviləyə əsasən bankdan illik 19 faiz olmaqla 48 ay müddətinə 102 min ABŞ dolları kredit götürüb. Müqavilə öhdəliyinin icrasının təminatı kimi üçüncü şəxs S.Nəcəfova ilə zaminlik və ipoteka müqavilələri bağlanıb. Kredit müqaviləsi bağlanarkən 1 ABŞ dollarının məzənnəsi 0,78 manat olub, sonradan ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə dəyişərək artıb.
Rzayeva Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (manatın devalvasiyası) ilə əlaqədar müqavilənin ləğvini istəyib.
Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2018-ci il qətnaməsi ilə iddia təmin edilməyib.
Rzayeva apellyasiya şikayəti verib. Apellyasiya instansiyası işə baxarkən Mülki Məcəllənin 422-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmələrdə müxtəlif yanaşmaların olmasının və fərqli məhkəmə aktlarının qəbul edilməsinin məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaratmasını nəzərə alaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.
Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi tərəflər üçün gözlənilməz sayılmır və borc alan krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyü üçün manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
Novator.az bildirir ki, 2015-ci il fevralın 21-də başlayan devalvasiya prosesi ilə ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb.
2016-cı ilə 1,7707 manatla nöqtə qoyulub. 2017-ci il 1,7001 manatla başa çatıb və həmin kurs 2018-ci il martın 7-dək qüvvədə olub. Martın 7-dən dollar 1,7 manata satılır.
Mərkəzi Bank problemli kreditlərin avqustun 1-nə olan həcmini 1 milyard 782,1 milyon manat göstərib. 7 ayda problemli kreditlər 155,4 milyon manat artıb.
2018-ci ilin əvvəlinə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat olub.