“Qoy Ermənistan bu xülyalarla yaşamasın”
- 21 Sentyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
AZƏRTAC prezident İlham Əliyevin Milli Məclisin 21 sentyabr iclasındakı çıxışının mətnini yayıb. Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş iclasda dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Azərbaycan deputatlarının fəaliyyətinin əsas istiqaməti dünya birliyinə, öz həmkarlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasıdır. Mən hesab edirəm ki, bu işdə çox böyük uğurlara nail olmuşuq. Son illərdə bir neçə təşkilat, o cümlədən Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər və bu sahədə fəaliyyət davam etdiriləcək.
Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb. Bu gün bu torpaqlar işğal altındadır. Nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən yeddi rayon da işğal edilib. Bu torpaqlarda bütün infrastruktur dağıdılıb. Bizim bütün milli sərvətimiz, muzeylərimiz talan edilib, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb.
Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib. Xocalı soyqırımı törədilib, bir gecə ərzində ermənilər 600-dən çox günahsız insanı, o cümlədən 100-dən çox qadını, 60-dan çox uşağı vəhşicəsinə qətlə yetiriblər. Bu gün 10-dan çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses bundan sonra da gedəcək.
Bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər. Onların arasında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz.
Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyünü isə bütün dünya tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir.
Münaqişəyə, böyük humanitar fəlakətə baxmayaraq Azərbaycan inkişaf yolundadır, Azərbaycanın inkişafı çox sürətlidir. Ermənistan isə getdikcə daha da zəifləyir. Ermənistanda bu ilin yazında baş vermiş çevriliş əslində göstərir ki, əvvəlki rejim xalqın dəstəyini tam itirmişdi. İyirmi il Ermənistana rəhbərlik etmiş rejim çökdü və bu bir daha onu göstərir ki, onların işğalçılıq siyasəti iflasa uğradı.
Eyni zamanda beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya veriblər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir? Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular.
İndi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi demək olar ki, eyni siyasəti aparır. Siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatlar səsini çıxarmır. Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır.
Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlar siyasəti aparır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək. Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər”.
Prezident əlavə edib ki, ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da Azərbaycan torpaqlarından çıxmaqdır: “Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər. Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq.
Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, bir milyondan çox köçkün və qaçqınımız var, Azərbaycan uğurla inkişaf edir və inkişaf üçün çox gözəl perspektivlər var. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Qoy Ermənistan bu xülyalarla yaşamasın. Qoy Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılıb. Beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Bu il Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni bu, məsələnin beynəlxalq hüquqi tərəfidir.
Real həyatda biz nəyi görürük: Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, – müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, – onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq əslində onların işğalçılıq siyasəti nəticəsində olub. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz – siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, – mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, – Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, – ona dayaq da demək olmaz, – çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu, münaqişənin həlli üçün indi böyük problemə çevrilir.
Ona görə biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq”.