Sentyabrın 21-i Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edərək nitq söyləyib.
Novator.az Milli Məclisin rəsmi saytına istinadla bildirir ki, Azərbaycan parlamentinin əsası 1918-ci ilin may ayında qoyulub.
Rusiyada 1917-ci ilin fevral inqilabından sonra Dövlət Dumasına Cənubi Qafqazdan seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır.
Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş, bolşeviklərin oktyabr çevrilişindən sonra qurumun işində iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşıb Zaqafqaziya Seymini elan edirlər.
Mayın 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Mayın 27-də Seymin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə Azərbaycan Milli Şurasını elan edirlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
Mayın 28-də Milli Şura istiqlaliyyət bəyannaməsi qəbul edir, Azərbaycan Xalq Cümhuriyyəti yaradılır.
İyunun 16-da Milli Şura və hökumət Tiflisdən Gəncəyə köçür.
Sentyabrın 15-də Bakı erməni və bolşevik işğalçılardan azad olunur. Sentyabrın 17-dən hökumət Bakıda qərar tutur.
Noyabrın 16-da Azərbaycan Milli Şurası öz işini bərpa edir. Bunun ardınca 120 nəfərdən ibarət Azərbaycan parlamenti formalaşdırmaq qərara alınır.
Dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk iclası keçirilir, Əlimərdan bəy Topçubaşov sədr seçilir.
11 müxtəlif partiya fraksiyası və qrupun təmsil olunduğu parlamentin – 145-ci, sonuncu iclası 1920-ci il aprelin 27-də keçirilir.
Parlament fəaliyyət müddətində 230-a yaxın qanun qəbul edir.
1920-ci ilin 28 aprel işğalı ilə Azərbaycanın ilk parlamenti tarixə qovuşur…