Dövlət Təhlükəsizliyi Xidməti “Erməni terrorçu-daşnak qüvvələri faşizmin xidmətində: arxiv sənədləri və materialları əsasında” adlı material yayıb. Yazıda qeyd olunur ki, 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan torpaqlarının zorla qoparılması prosesinin düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter almasına gətirib: “Bir çox qonşu ölkədə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında “erməni vilayəti” adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə “böyük Ermənistan” xülyası təbliğ olunmağa başlandı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.
Müasir Ermənistanda terrorçuluq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu ideologiya bünövrədən qonşu dövlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, türklərə və digər xalqlara qarsı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman öz məkrli hədəflərinə çatmaq ucun ən çirkin üsullardan istifadə edib, hətta tarixi Azərbaycan torpaqlarına onların köçürülməsinə rəvac vermiş car və sovet Rusiyasına qarsı çıxmaqdan belə çəkinməyiblər.
İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təşviq olunur, gənc nəsil qonşu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin “qəhrəman” obrazının aşılanması, onlara abidə qoymaqla faşizm “vətənpərvərlik” əmsalı kimi ictimai şüura təlqin edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan Daşnaksütun Partiyasının, habelə İkinci Dünya müharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amansızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapıb.
Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarsı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi aktuallıq kəsb etdiyini və bu siyasətin ifşa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanan sənədli materialların bir qisminin üzərindən məxfiliyin götürülməsi və onların geniş ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab edib”.
Sənədli materiallar: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15.
Azərbaycanda milli təhlükəsizlik orqanının əsası 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin kəşfiyyat və əks-kəşfiyyat bölmələri kimi qoyulub, iyun ayında isə Dövlət Müdafiə Komitəsi yanında Əksinqilabla Mübarizə Təşkilatı yaradılıb.
Novator.az bildirir ki, 1920-ci ildə qurulan sovet rejimi dövründə Azərbaycanın xüsusi xidmət orqanı bu adları daşıyıb: Fövqəladə Komissiya, Dövlət Siyasi İdarəsi, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis olunub. 2015-ci ilin dekabrında həmin nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.