Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri ilə bağlı yeni rəsmi bilgi yayılıb. Müdafiə Nazirliyinin 20 sentyabr məlumatına görə, poliqonlarda və təlim sahələrində gündüz vaxtı döyüş atışları icra olunub. Motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.
Təlimlərdə həmçinin hava desantının döyüş tətbiqi üzrə tapşırıqlar da icra olunub.
Genişmiqyaslı əməliyyat-taktiki təlimlər sentyabrın 17-də başlayıb. Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.