Gürcüstanda prezidentliyə iddiaçıların imza kampaniyası başa çatıb. Novator.az-ın məlumatına görə, qoyulan vaxta – 18 sentyabr axşam saat 6-ya qədər Mərkəzi Seçki Komissiyasına 46 iddiaçıdan 25-i imza vərəqələrini qaytarıb. 21 nəfər seçki yarışından kənarda qalıb.
Rəsmi namizəd kimi qeydə alınmaq üçün 25 min 923 seçici imzası yığmaq tələb olunur.
İmza vərəqələrini Mərkəzi Seçki Komissiyasına qaytaran iddiaçıların 19-u partiya təmsilçisi, 6-sı təşəbbüs qrupunun namizədidir. Hələlik 13 nəfərin namizədliyi rəsmiləşib.
Prezident seçkisi oktyabrın 28-də keçiriləcək.
Gürcüstanda prezidentin səlahiyyətləri məhduddur. Hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 115 mandat qazanıb. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.
Hakim partiya 28 oktyabr seçkisində müstəqil namizəd, deputat Salome Zurabişviliyə dəstək verəcəyini bəyan edib (Gürcü Arzusu kimi prezident görmək istəyir?).