Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışı zamanı yerli sahibkarlarla görüşüb. O deyib ki, Masallı Sənaye Məhəlləsi rayonun sənaye potensialının möhkəmlənməsinə xidmət göstərəcək: “Burada 200 iş yeri var, bundan sonra daha çox iş yeri yaradılacaq. Biz sənaye məhəlləsinin birinci mərhələsini işə salırıq. Ərazi kifayət qədər genişdir və gələcəkdə burada əlavə korpuslar tikiləcək. Əminəm ki, burada minlərlə insan işlə təmin olunacaq və eyni zamanda biz idxaldan asılılığı da azaldacağıq.
Bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Artıq həyat bunu göstərir. Bir neçə rayonda belə məhəllələr, sənaye parkları yaradılıb. Bundan əvvəl Sumqayıtda, Mingəçevirdə, Neftçalada belə mərkəzlərin açılışını qeyd etmişik. Hacıqabul və Sabirabad rayonlarında sənaye zonalarının yaradılması prosesi gedir. Bu, dövlətin siyasətini göstərir. Çünki dövlət buraya əsas vəsaiti qoyan tərəfdir. Həm yerin seçilməsi, bütün infrastrukturun, kommunikasiyaların yaradılması, sənaye və ofis binalarının tikintisi dövlət hesabına həll olunur. Sahibkarlar da sərmayə gətirərək avadanlıq alırlar, işi düzgün təşkil edirlər və fəaliyyətə başlayırlar. Əgər biz bu təşəbbüsə start verməsəydik yəqin ki, bu müəssisələr də yaradılmazdı. Hazırda Masallıda bu istiqamətdə işlər yaxşı gedir.
Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görüləcək.
Bakı və Sumqayıt şəhərləri Cənubi Qafqazın əsas sənaye şəhərləridir. Bu il Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Bir neçə ay bundan əvvəl polipropilen zavodunun açılışı oldu, polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Bu iki zavodun sərmayə həcmi 800 milyon dolları ötür. Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur. Əgər biz vaxtilə o böyük ərazini yararsız vəziyyətə düşmüş binalardan təmizləməsəydik, sahibkarlara bu şəraiti yaratmasaydıq, 2 milyard dollar vəsait də qoyulmazdı.
Masallıda həyata keçirilən bu gözəl layihə göstərir ki, Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır, çox düzgün addımlar atılır, iş yerləri, yerli istehsal yaradılır və idxaldan asılılıq azalır. Bu gün mənə göstərilən müəssisələrin fəaliyyəti məhz bu məqsədi güdür. İdxaldan asılılıq azalır, yerli istehsal yaradılır, vergilər ödəniləcək və insanlar işlə təmin olunacaqlar. Azərbaycanda əhali artır. Masallı da əhali baxımından ən böyük rayonlarımızdan biridir, ona görə yeni iş yerlərinin yaradılması prosesi daim getməlidir”.