Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qısamüddətli səfər edib. Novator.az-ın məlumatına görə, Nikol Paşinyan Dağlıq Qarabağ rejiminin və ordusunun başçıları, Ermənistanın müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə birgə cəbhə xəttinin Ağdərə istiqamətinə baş çəkib, yoxlamalar aparıb, taktiki təlimləri izləyib, hərbi qulluqçularla söhbətləşib.
Ermənistan 25 ildir Azərbaycanın Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal altında saxlayır.
Bu il sentyabrın 17-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələri genişmiqyaslı əməliyyat-taktiki təlimlərə başlayıb. 20 mindən artıq şəxsi heyətin cəlb olunduğu təlimlər zamanı düşmən müdafiəsinin yarılması, Qarabağdakı Ermənistan hərbi qruplaşmalarının darmadağın edilməsi, ölkə ərazilərinin azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilir.