Ermənistanın sabiq prezidenti Robert Köçəryan Rusiyanın “Kommersant” qəzetinə müsahibə verib. Novator.az-ın məlumatına görə, sabiq prezident baş nazir Nikol Paşinyanın Qarabağ siyasətini tənqid edib. O qeyd edib ki, hər bir danışıq istənilən müharibədən yaxşıdır: “Kütlənin qarşısında şüar söyləmək yerinə elə məsuliyyətli siyasət yürütmək lazımdır ki, həm təmas xəttində atəş səsi çoxalmasın, həm də prinsipial mövqeyindən geri çəkilməyəsən. Yəni həssas diplomatik iş aparmalısan.
Qarabağ məsələsi mitinqlərin müzakirə predmeti olmamalıdır. Hər bir ehtiyatsız ifadə təmas xəttində gərginliyi artırır, bu isə səngərdə keşik çəkənlərin həyatına təhlükədir. Bu cür praktikadan imtina etmək gərəkdir. Özü də əsgərlik çəkməmiş, hərbi xidmətdən yayınan, ömründə bir dəfə də cəbhənin ön xəttində olmamış adamlar belə danışmamalıdır. Ermənistanın indiki hökumətində hərbi xidmət keçmiş adam demək olar yoxdur. Əlbəttə, danışıqlarda prinsipial mövqeləri əldən vermək olmaz, amma münaqişənin nizamlanmasını populist mövzuya çevirmək olduqca böyük məsuliyyətsizlikdir”.
Robert Köçəryan 1998-2008-ci illərdə prezident postunu tutub. O, işğalçı Qarabağ müharibəsinin liderlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib.
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-sı Yerevanda keçirilən mitinqdə Azərbaycan prezidenti İlham Əliyev barədə sərt ifadələr işlədib, onu əsgərlikdə olan oğlunu təmas xəttinə göndərməməkdə qınayıb.
Sentyabrın 19-da Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində bu məsələyə toxunub: “Nikol Paşinyan bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir.
Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil. “DQR”in “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdədir? Əslində bu addımı atmaqla o nəinki işğal faktını təsdiqləyir, üstəlik məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantı kimi göstərməyə çalışır.
Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil DQR-də” niyə ölməlidir?”