“Ermənistan indi çox ağır vəziyyətə düşüb”. Dövlət başçısı İlham Əliyev sentyabrın 18-i Biləsuvarda belə deyib.
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident qeyd edib ki, Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işləri aparılır və rayonların inkişafına böyük sərmayə qoyulur: “Yol tikintisi, içməli su xətlərinin çəkilişi, qazlaşdırma böyük vəsait tələb edir. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır, insanların sosial rifahı, onların yaxşı yaşaması üçün bütün işlər görülür. Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı azı 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik. Biz güclü iqtisadiyyata malikik və bu gün Azərbaycan dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir.
Əlbəttə ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir.
Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun (2010-cu ildə Ağdərə istiqamətində şəhid olub – red.) atası iştirak edir. Ona xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb. O bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksəkliyi Mübariz kimi övladlarımızın addımlarının, qəhrəmanlığının nəticəsidir.
Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.
Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa axırı pis olar”.