Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edib. Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı siyasətinə də toxunan Əli Həsənov yazır: “Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir.
Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə münasibətlərə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına parodiyadır və onun barəsində “erməni radiosunun” anekdotları artıq qısa zaman məsələsidir.
Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil. “DQR”in “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdədir? Əslində bu addımı atmaqla o nəinki işğal faktını təsdiqləyir, üstəlik məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantı kimi göstərməyə çalışır.
Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil DQR-də” niyə ölməlidir?”