AXCP fəalları Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Babək Həsənov AXCP Nərimanov şöbəsinin sədri, Aqil Məhərrəmli AXCP Rəyasət Heyətinin, Ruslan Nəsirli partiyanın Gənclər Komitəsinin üzvüdür.
Onlar mayın 25-də Saleh Rüstəmovun işi üzrə tutulublar.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.
Saleh Rüstəmov və Vidadi Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci və 193-1.3.2-ci (mütəşəkkil dəstənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırması) və sair maddələri ilə təqsirləndirilir.
Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli də eyni maddələrlə ittham edilirlər.
Saleh Rüstəmov və Vidadi Rüstəmli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti avqustda dekabrın 18-dək uzadılıb.
Sentyabrın 18-də isə Nəsimi Rayon Məhkəməsi Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlinin həbs müddətini dekabrın 9-dək uzadıb.
Cəbhəçilər ittihamları əsassız sayırlar. AXCP sədri Əli Kərimli bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.