Ələt azad iqtisadi zonasının (Azad Zona) inkişafı ilə məşğul olacaq işçi qrup yaradılıb. Prezident İlham Əliyevin 17 sentyabr sərəncamı ilə işçi qrupun rəhbərliyi Milli Məclis sədrinin müavini Valeh Ələsgərova həvalə olunub.
Qrupa Samir Nuriyev (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri), Kərəm Həsənov (Əmlak Məsələləri Dövlət Komitəsinin sədri), Əli Abdullayev (nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini), Azər Bayramov (maliyyə nazirinin müavini), Niyazi Səfərov (iqtisadiyyat nazirinin müavini), Rauf Hacıyev (ekologiya və təbii sərvətlər nazirinin müavini), Süleyman Mikayılov (Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı), Saleh Məmmədov (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri), Qorxmaz Hüseynov (“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri), Balababa Rzayev (“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti), Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri), Taleh Ziyadov (“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru), Vüqar Əhmədov (“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini), Əkbər Hacıyev (“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru) daxildir.
Sərəncama görə, işçi qrup on ay müddətində Azad Zonanın inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını; Azad Zonanın ərazi sərhədləri, həmin sərhədlər daxilində ilkin mərhələdə inkişaf etdirilməli olan və perspektiv inkişaf üçün nəzərdə tutulan ərazi hissələrinin hüdudları, Azad Zona ərazisinin zonalaşdırılması barədə təkliflərini; Azad Zonanın təklif edilən ərazisində torpaq sahələri mülkiyyətçilərinin və istifadəçilərinin siyahısını; Azad Zonanın ərazisini və həmin ərazidə yaradılması nəzərdə tutulan infrastrukturu, habelə yerləşdiriləcək digər obyektləri özündə əks etdirən ərazi planlaşdırılması layihəsini; görüləcək işlərin xərcləri proqnozunu; mühəndis-axtarış işlərinin nəticələrini, o cümlədən mühəndis-geoloji axtarışların nəticələrini əks etdirən materialları; ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları; əsas mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərin, digər xidmətlərin təmin edilməsi planını və bunun üçün tələb olunan xərclər proqnozunu hazırlamalıdır.
Novator.az xatırladır ki, bu il iyunun 4-də prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanunu imzalayıb. Qanuna görə, ölkə prezidenti Azad Zona səlahiyyətli qurumuna Azad Zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verir.
Səlahiyyətli qurum, Azad Zona inzibati müəssisələri, hüquqi şəxsləri və onların işçiləri, rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.
Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənmir.
Azad Zona səlahiyyətli qurumu ölkə prezidentinin müəyyən etdiyi təşkilati struktura uyğun idarə olunur. Səlahiyyətli qurumun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə İdarə Heyəti məsuliyyət daşıyır. İdarə Heyətinə sədri prezident təyin edir.
Azad Zona səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqildir və öz büdcəsini təsdiq etmək hüququna malikdir. Dövlət Azad Zonanın, Azad Zona səlahiyyətli qurumunun və hər bir Azad Zona inzibati müəssisəsinin öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşməsini təmin edir.
Səlahiyyətli qurum Azad Zonada miqrasiya ilə bağlı prosesləri tənzimləyən, o cümlədən viza növlərini və hər bir viza növü üçün tələb və qaydaları müəyyən edən daxili qaydalar formasında miqrasiya qaydaları qəbul edir.
Azad Zona səlahiyyətli qurumunun və ya Azad Zona inzibati müəssisəsinin işçiləri saxtakarlıq, kobud ehtiyatsızlıq və ya qəsdən pozuntu halları istisna olmaqla hər hansı hərəkətə və ya hərəkətsizliyə görə məsuliyyət daşımırlar.