Prezident İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib, istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İlham Əliyev “Masallı – Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışına da qatılıb. Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi 600 kvadratmetrdir. Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.
Müəssisənin nəzdində hazır məhsul anbarı və satış mərkəzi tikilib. Gələcəkdə çəltik saxlanması üçün xüsusi bunkerlərin tikintisi nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarın tələbatına uyğun satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb. Məhsulun xarici bazarlara çıxışı ilə əlaqədar sənədləşmə işləri davam etdirilir.
Burada 15 nəfər çalışır. Gələcəkdə müəssisənin gücünün 2 dəfə artırılması və işçilərin sayının 40 nəfərə çatdırılması nəzərdə tutulub.
“Masallı – Nemətləri” MMC-nin çəltik təsərrüfatının ümumi sahəsi isə 60 hektardır.
Daha sonra prezident əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir.
Həmin gün İlham Əliyev Biləsuvar rayonuna da səfər edib, Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Bayraq Muzeyinin, Gənclər Evinin açılışlarına qatılıb.