Sentyabrın 18-də Ali Məhkəmə məhbus jurnalist Əfqan Muxtarlının şikayətinə baxıb.
Yanvarın 12-si Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Aprelin 24-ü Şəki Apellyasiya Məhkəməsi Əfqan Muxtarlının hökmdən verdiyi şikayəti rədd edib.
Jurnalistin kassasiya şikayəti də təmin olunmayıb. Sentyabrın 18-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Əfqan Muxtarlının özü prosesdə iştirak etməyib.
Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcəyi gözlənir.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb. Leyla Mustafayeva Almaniya hökumətindən sığınacaq istəyəcəyini bəyan edib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib.