“Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub”. Prezident İlham Əliyev sentyabrın 15-i paytaxtın Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda belə deyib.
Parada Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan da qatılıb. İlham Əliyev çıxışında Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu qeyd edib: “Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir. Təkcə bu il prezident Rəcəb Teyyub Ərdoğanla altı görüşüm olub – ikisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi beynəlxalq tədbirlər çərçivəsində. Bizim görüşlərimiz müntəzəm keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Biz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik”.
İlham Əliyev oktyabr ayında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünün qeyd olunacağını vurğulayıb: “Tarix üçün bu, çox qısa bir vaxtdır. Müstəqilliyimizin ilk iki ili çox ağır, faciəvi keçib, torpaqlarımız işğal altına düşüb, Azərbaycan böyük iqtisadi çətinliklərlə, iqtisadi-siyasi böhranla üzləşib.
Sonrakı dövrdə Azərbaycan böyük uğurlara imza atdı. Bu gün Azərbaycan bölgədə önəmli ölkəyə çevrilib, dünyadakı rolumuz artır, bizim beynəlxalq mövqelərimiz möhkəmlənir, dünya ictimaiyyəti bizim siyasətimizi dəstəkləyir.
İqtisadi sahədə aparılan islahatlar Azərbaycana böyük imkanlar gətirdi, biz böyük nailiyyətlərə çata bildik. Təkcə onu demək kifayətdir ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub. Sosial məsələlərin həlli işində böyük uğurlar əldə edilib. Bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Azərbaycan dost ölkələrlə, ilk növbədə Türkiyə ilə birlikdə böyük layihələr icra etdi. Yəni bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Azərbaycanın gələcəyi də parlaq olacaq.
Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü orduya böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir”.
Türkiyə prezidenti çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir”.