2018-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz artaraq 12 milyard 130,2 milyon manata, xərcləri 19,3 faiz artaraq 11 milyard 649,3 milyon manata çatıb. Dövlət Statistika Komitəsinin makroiqtisadi göstəricilər hesabatında belə deyilir.
Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, daxilolmaların 19,5 faizi əlavə dəyər vergisi, 12,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,7 faizi fiziki şəxslərin gəlir vergisi, 3,3 faizi aksizlər, 2,2 faizi sadələşdirilmiş vergi, 0,9 faizi əmlak vergisi, 1,3 faizi vergilərin digər növləri, 50,5 faizi vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 30,7 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,3 faizi ümumi dövlət xidmətləri, 13,6 faizi təhsil və səhiyyə sahələrinin, 11,9 faizi sosial müdafiə və sosial təminat, 27,5 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
8 ayda isə dövlət büdcəsinə 14 milyard 29,7 milyon manat vəsait daxil olub, büdcədən 13 milyard 485,7 milyon manat vəsait ayrılıb.